17 İyun 2020
874

Cənub Dənizlər şirkəti

The South Sea Company - ingilis ticarət şirkəti kimi fəaliyyətə başlayan lakin sonda piramida kimi süqut edərək tarixə qovuşmuş şirkət. 1711 - ci ildə britaniyalı xəzinədar Robert Harli tərəfindən təsis edilib. Dövrünə görə fərqləndirici xüsusiyyətlərindən biri, səhmdarlarına asiento - yəni Cənubi Amerikanın ispan dilli ölkələri ilə ticarət etmək üçün xüsusi imtiyazların verilməsi idi. Əvəzində şirkət Marlboro hersoqluğu uğrunda gedən döyüşlərdə artan dövlət borcunu almağa söz vermişdi. Dövlətsə öz növbəsində, müharibə sonrası ispan taxtına sahib olması faktına dayanaraq imtiyazlara razılaşmışdı. 1717 - ci ilə kimi şirkət faktiki olaraq kommersiya ilə məşğul olmurdu. Bundan əlavə 1718 - ci illərdə İspan - İngilis münasibətləri çox gərgin vəziyyətdə idi. 

1720 

Bütün bunlara baxmayaraq, şirkətin səhmləri 1720 - ci ilin yanvarında £128, fevralında £175, martında £330, mayında isə £550 ticarət olunurdu. Səhmlərə yatırım edənlər siyahısında bir çox titullu şəxslərdə var idi və şirkət bu adlardan istifadə edərək daha çox yeni investorları cəlb edirdi. 

Şəkil 1: Tarixdə olan 3 böyük birja partlayışı - Tulpanamania, Cənub dənizləri və Böyük depressiya 

1720 - ci ilin iyun ayında kraqllıq tərəfindən məhdud məsulliyyətli şirkətlərin səhmlərini, dövlətdən icazəsiz satışını əngəlləyən akt qəbul olunur (1825 - ci ildə ləğv olunur). Bu akt şirkəti digər Mərkəzi və Cənubi Amerika şirkətləri ilə rəqabətdən qorumağa yönəlmişdi. Nəticədə şirkət şayə buraxaraq, onların ispaniyada bütün portlardan istifadə etmək hüquqlarının olmasına insanları inandırır (əslində isə ildə cəmi 3 gəmi İspaniya portlarına yaxınlaşa bilərdi). Fransada Missisipi şirkətinin bankrot olması hadisəsi də, orada olan kapitalı İngiltərəyə daşınmasında mühüm rol oynamışdı. Son olaraq krallıqda hər kəs bu səhm "xəstəliyinə" yoluxur və lordlardan tutmuş sadə kəndliyə qədər səhmlərə yatırım edilməsi spekulyativ qiymət əmələ gətirir. Avqust ayında qiymət artıq £1000 idi. 

Qaçış 

1720 - ci ilin sentyabr ayında səhmlər sürətli şəkildə dəyər itirməyə başlayır. Ayın sonunda qiymət £150 funt civarında idi. 24 sentyabr tarixində isə şirkətin bankı özünü bankrot elan edir. Minlərlə investor defolt olaraq çox çətin vəziyyətə düşür. İnvestorlar siyahısında tanınmış insanlarda var idi. Misal kimi İsaak Nyuton və Conatan Svifti göstərmək olar. Hadisələrin sonunda £20 000 itirən Nyuton, “kainatda olan planetləri hesablaya bilərəm amma kütlənin dəliliyini hesablaya bilmərəm” fikir bildirir.

1721 - ci ildə parlamentdə araşdırmalar zamanı, şirkətin direktorlarının dələduzluq faktları aşkarlanır və direktorlar ölkədən qaçırlar. Araşdırmalar parlament üzvlərinin aktın qəbulu zamanı rüşvət alması faktını da üzə çıxarır. Şirkətin bir neçə üzvü həbs olunur və bütün bunlara baxmayaraq şirkət restruktizasiya olunur və 1850 - ci ilə kimi fəaliyyət göstərir. 

 

Tamerlan Bayramlı 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün