17 İyun 2020
1451

Fond bazarlarının fizikası və ya Nyutonun investisiya portfeli

Fizikanın ən məşhur adlarından biri İsaak Nyuton əlavə olaraq dövrünün aktiv investorlarından idi. Fizika elmində fundamental işlərini, fond bazarlarına daşısa da, sonda məyus edici nəticələrlə kapitalının bir hissəsini itirmişdir. Hətta “Mən səmada olan planetlərin hərəkətini hesablaya bilərəm lakin, kütlənin dəliliyini hesablaya bilmərəm” cümləsini də məhz onun dediyini də iddia edirlər. Gəlin hadisələrə yaxından baxaq. 

Minnesota ştatı universitetinin riyaziyyat üzrə professoru Endryu Odlızko həm də maliyyə bazarlarında kütlənin özünü aparması üzrə də araşdırmalar edir. Bu araşdırmalar zamanı Nyutonun birjalarda etdiyi əməliyyatları yaxından izləməsi ilə də məşhurdur. Onun araşdırmalarına görə, Nyuton uzun illər diversfikasiya olunmuş portfel idarə edib yəni, kapitalını həm səhmlərdə həm də dövlət istiqrazlarında saxlayıb. 1720 - ci illərin əvvəllərinə professorun balansı £32 000 təşkil edirdi ( indiki dəyərlə təxmini $5.7 milyon ).

Onu da qeyd etmək lazımdır ki, Nyuton dünyada elm üzrə ilklərə imza atmasından əlavə, maliyyə sahəsinə də yeniliklər gətirənlərdən biridir. Məhz onun təkidi ilə britaniyada pul standartı gümüşdən qızıla dəyişdi, qəpiklərdə metalların sayını tam dəqiq olaraq hesabladı və saxta pul düzəldənlərin aşkar edilməsi və cəzlanmasında aktiv iştirak edirdi. 

Fiziki Spekulyasiya? 

Nyuton Cənub Dənizlər şirkətinin artım potensialını ilk görən şəxslərdən biri idi. Əsas səbəb isə dövlətin borclarının restruktizasiya edilməsi işi şirkətə tapşırılmış, bundan əlavə Cənubi Amerika ilə ticarətdə monopoliyanın da şirkətə hədiyyə edilməsi şansları artırırdı (Cənub Dənizlər şirkəti haqda daha ətraflı buradan məlumat ala bilərsiniz). Professor Odlızkonun məlumatına görə, Nyutonun şirkətə ilk yatırım etməyi onun yaranmasından 1 il sonra yəni, 1712 - ci ildən başlayıb. Bu, Britaniya tam olaraq maniyanın əsirinə çevrilməsindən, sadə investorlardan, yuxarı təbəqə insanlarından, ticarətçilərdən, fermerlərdən, poet Alexander Poupdan, parlamentin 75% - dən və hətta kral I Qeorqun ailəsinin şirkətin səhmlərinə yatırım etməsindən - 8 il daha erkən yatırım etmək demək idi. 

Səhmlər 1720 - ci ilin mart aylarından £200 - dan  iyun - iyul ayları arasına kimi £1000 qədər dəyər qazanır və sonra bir neçə həftə ard - arda dəyər itirərək, £200 funtdan aşağı qiymətə təklif olunurdu. 

Professorun hesablamalarına görə əgər Nyuton səhmləri 1723 - cü ilə kimi saxlasaydı, spekulyasiyanın effektinin azaldığı zaman səhmlər balanslaşmış olardı və Nyutonun gəliri 116% təşkil edərdi. Bu ilə ortalama 6.5% gəlir deməkdir (dividentlər nəzərə alınmadan). Nəzərə alsaq ki, o vaxt dövlət istiqrazları 4 - 5% gəlirlik təklif edirdilər, 6.5% heç də pis rəqəm deyil. 

Amma bu situasiyada Nyuton “al və saxla” prinsipinə əməl etmədi. 1720 - ci illərin əvvəllərində o Cənub Dənizlər şirkətinin 10 000 səhminə sahib idi. Aprel - may aylarında o, 8000 səhmi £350 - dan sataraq £20 000 gəlir əldə edir. İndiki qiymətlərlə bu $4 000 000 deməkdir. Amma satışdan sonra səhmlər sürətlə £800 qiymətinə yaxınlaşır və bu zaman Nyuton “panikaya düşür”. 14 iyun tarixində £700 qiymətindən səhmlərə £26 000 geri qaytarır. Satdığından 2 dəfə baha qiymətinə alış. Əlavə olaraq Nyuton törəmə maliyyə aləti almaq qərarına gəlir (spesifikasına görə indiki Call opsionlara bənzəyən) hansı ki, əlavə 500 səhmi £1000 qiymətindən almaq imkanı verirdi. Amma yaxın zamanda bazar volatilliyinin manipulyativ oyunlarının necə də acılı nəticələr verəcəyinin şahidi olacaqdı.

Şəkil 1: Cənub Dənizlər şirkətinin qiymət dinamikası və Nyutonun verdiyi qərarlar

 

Rasional investor yoxsa sürətli spekulyasiya? 

1720 - ci ilin yayında Nyuton rasional və diversfikasiya olunmuş portdel saxlayırdısa, qısa zamanda spekulyanta çevrilərək kapitalının böyük hissəsini bir şirkətin səhmlərində saxlayırdı. Onun qərarları, 99 - cu illərdə dotkom və 2017 - ci ildəki bitkoin treyderlərin qərarları ilə çox oxşardır. Hesablamalara görə o, uğursuz alışlarda 77%  yəni £22 600 və ya indiki qiymətlə $3.1 milyon itkiyə gedir. 

Nəticə 

Cənub Dənizləri şirkəti kimi piramidalar dövrümüzdə də əmələ gəlir və sonda öz ağırlığı altında qalırsa, Nyuton kimi intelektual bacarıqlarının yüksək olmasına baxmayaraq, hisslərinə qapılıb səhv qərarlar nəticəsində kapitalını itirən insanların sayı da az deyil. Maraqlısı odur ki, cazibə qanununun banisi - artan qiymət bir gün enməli, güclü artan qiymət isə bir gün güclü enməlidir fikrinə üstünlük verməyib. Bəlkə də bu haqda düşünüb amma ümid və gözləntilər uzun müddətli gözəl investisiyanı məhv edir. Keçmişə baxaraq indiki zamanda danışmaq asandır amma maliyyə bazarlarında ticarət edən insanlara Nyutonun düşdüyü vəziyyətlə tez-tez üzləşmək tanış hisslərdir. Sizcə onun bu əməliyyatlarda başqa hansı səhvləri var idi ? 

 

Bayramlı Tamerlan 

 


 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün