13 İyul 2022
1316

Sam dayı və ya qədəhin yarısı doludur

USA, ABŞ, fond bazarları, yatırım, investisiya, səhmlər

Bu il ad gününü qeyd etmədiyinə görə Sam dayını kim günahlandıra bilər? Nəzərə alsaq ki, ABŞ-da istehlak qiymətləri (inflyasiya) onilliklərin ən yüksək həddinə çatıb, son on iki ayda iqtisadi artım kəskin şəkildə yavaşlayıb və Avropanın mərkəzində hələ də həm pandemiya, həm də münaqişələr gedir. Sam dayı üçün 246 yaşını tamamlamaq o qədər də ürəkaçan olmayıb. Yuxarıda qeyd olunanları nəzərə alsaq, ABŞ fond bazarlarında ilin əvvəlindən gəlirlər (YTD) son onilliklərin ən aşağı həddindədir. 

Bazarların acınacaqlı vəziyyətini nəzərə alaraq, düşündük ki, ABŞ fond bazarlarının perspektivlərini gözdən keçirək. Amerikanın əsas iqtisadi və rəqabət gücünü nəzərə alsaq ABŞ səhmləri portfellərin əsasını təşkil etməlidir. Bazarlarda hər zaman hadisələr düz xətt ssenarisi üzrə getmir. Tənəzzül, “bear market”, müəmmalı gələcək və s. hadisələr fakt olaraq qalır.. Ancaq tənəzzül günlərinə (qırmızı ekranlar) gəldiyimiz kimi bu günlərin keçəcəyini də düşünməliyik. Artım zamanının başlanğıcı isə bizim üçün balans nöqtəsi olmalıdır. 

Keçmişə baxdıqda unutmayaq ki, S&P 500 sabit və proqnozlaşdırıla bilən sərvət yaratma maşınıdır. İndeks 1945-ci ildən investorlara illik ortalama 11% gəlir gətirir. Gələcəyə gəlincə isə, aşağıda ABŞ fond bazarlarına uzunmüddətli yatırım etməyin 10 səbəbini qeyd etmişik. 

1) ABŞ dünyanın ən böyük və ən məhsuldar iqtisadiyyatı olaraq qalır. Beynəlxalq Valyuta Fondunun (BVF) rəqəmlərinə əsasən, ABŞ əhalisi dünya əhalisinin cəmi 4.5% - ni təşkil etməsinə baxmayaraq, alıcılıq qabiliyyəti paritetinə görə qlobal ÜDM - un 16% - ni və nominal ABŞ dolları ilə baxdıqda isə 24% - ni təşkil edir. ABŞ iqtisadiyyatı sadəcə böyük deyil, həm də qeyri-adi dərəcədə şaxələnmiş və dinamikdir. Kənd təsərrüfatından tutmuş aerokosmosa, həyat elmlərindən həyat sığortasına, enerjidən təhsilə qədər hər şeydə qlobal lider olan hidra-başlı super dövlətdir. Eyni zamanda da inanılmaz dərəcədə varlıdır. Amerikanın adambaşına düşən gəliri 60.000 dolları ötür ki, bu da Çinin göstəricilərindən altı dəfə böyükdür.

2) Mediada yazılanların əksi olaraq, ABŞ 2021-ci ildə istehsal hasilatını (nominal ifadədə) əsrin əvvəlindən bəri 65% artaraq $2,5 trilyon çatdırmaqla, istehsal üzrə qlobal lider olaraq qalır. Yalnız Çin ABŞ - dan daha çox istehsal edir, lakin Çinin öz istehsal bazası daha güclü valyuta, artan əmək haqqı və rəqabətsiz enerji xərcləri sayəsində gərginlik altındadır. Nəticə olaraq, ABŞ istehsalda bir nömrə olaraq qalır.

3) Dünyanın ən böyük mal və xidmət ixracatçılarından biri olduğu üçün Amerika həm də ixracatçı güc mərkəzi olaraq qalmaqdadır. ABŞ - ın bir aylıq ixracı ($252 milyard) əksər ölkələrin bir illik ixracından daha çoxdur. Mal ixracı almadan tutmuş təyyarələrə qədər dəyişir və bununla yanaşı ABŞ həm də dünyanın ən böyük xidmət ixracatçısı olaraq qalır.

4) ABŞ birbaşa xarici investisiyalar (BXİ) üçün dünyanın sevimli məkanı olaraq qalır. ABŞ - ın investisiya məkanı kimi cəlbedici olmasının bir çox səbəbləri var: geniş və zəngin istehlak bazarı, ixtisaslı işçi ehtiyatı, qanunların şəffaflığı və son zamanlarda yaranan ucuz enerji xərcləri - bütün bu qeyd olunanlar dünyanın hər yerindən ABŞ - a kapital cəlb etməkdə davam edir. 2000-2021 - ci illər arasında ABŞ ümumi qlobal kapital axınının 16,8% - ni təşkil edib ki, bu da Çinin 7,8% - lik payından xeyli yüksəkdir. Artan investisiya qəbulu daha çox real artım, eləcə də məşğulluq, gəlirlər və müxtəlif aktiv qiymətlərində artım deməkdir.

5) Brendlər vacibdir və Amerika dünyanın ən yaxşı qlobal brendlərinə ev sahibliyi edir. BrandZ - ın son məlumatlarına əsasən, 2021-ci ildə ilk 10 qlobal brenddən yeddisi Amerika brendidir. Brendlər inkişaf etməkdə olan ölkələrin yeni yaranan istehlakçıları üçün son dərəcə vacibdir və bir çox aparıcı ABŞ brendləri inkişaf edən olan qlobal orta sinifin gələcək tələbatını/istəklərini yerinə yetirmək üçün yaxşı mövqe tutub. 

6) ABŞ dünyanın yüksək texnologiyalar lideri olaraq qalır. Amerikanın risk götürən, uğursuz olmaqdan qorxmayan sahibkarlıq mədəniyyəti onun həm texnologiya, həm də innovasiya sahəsində liderliyini dəstəkləyir və orada yaşamaq, işləmək və təhsil almaq üçün dünyanın hər yerindən ən yaxşı və ən parlaq insanları cəlb etməyə davam edir. Beynəlxalq Data Korporasiyasının (IDC) hesablamalarına görə aparat, proqram təminatı və xidmətləri xərclərinə görə dünyada ən böyük bazardır. Qlobal IT xərclərinə nisbətdə Amerikanın IT xərcləri son bir neçə il ərzində sabit qalıb (qlobal ümumi məbləğin 40%-i) və Avropa, Yaponiya, Çindəki xərc səviyyələrindən xeyli yüksəkdir. 

7) Dünyanın ən yüksək reytinqli universitetləri. Amerikanın dövlət məktəb sistemi o qədər ürəkaçan olmasa da, ali təhsilə gəldikdə, dünyanın ən yaxşı universitetlərindən bəziləri ABŞ - dadır. Daha dəqiqliklə desək, QS World Rankings - in 2022-ci il üçün seçdiyi ən yaxşı 100 universitetin 28% - i ABŞ-da yerləşir; ilk 10 universitetdən beşi və ilk 20 universitetdən doqquzu Amerika universitetlərdir. “Əzələyə qarşı beyin” - işçi qüvvəsi nə qədər savadlı olsa, insan kapitalının dərəcəsi də bir o qədər yüksək olar.

8) ABŞ dolları hələ də dünyanın ən yaxşı ehtiyat valyutasıdır. Qlobal iqtisadiyyat hələ də dollar ətrafında fırlanır və ABŞ ortamüddətli perspektivdə bu imtiyazdan istifadə etməyə davam edəcək. Beynəlxalq valyuta fondunun (BVF) məlumatlarına əsasən, 2022-  ci ilin 1 - ci rübündə dollar qlobal mərkəzi bank ehtiyatlarının 59%-ni təşkil edib. Bu pay 2008 - ci ilə nisbətdə bir qədər azalsa da böhrandan sonrakı illərdə nisbətən sabit olaraq qalıb. Keçən ilin ən böyük itkisi kimi Avronu göstərmək olar. Avronun mərkəzi bank ehtiyatlarındakı payı 2009 - cu ilin ortalarından 2021-ci ilin 4 - cü rübündə 28% - dən 20,6% - ə qədər azalıb. 

9) ABŞ dünyanın ən rəqabətcil iqtisadiyyatlarından biridir. Rəqabət vacibdir – o iqtisadi inkişafı, rifahı və ixtiraçılığı inkişaf etdirir. Dünya İqtisadi Forumunun (DİF) rəqabət qabiliyyətliliklə bağlı son sorğusuna əsasən, ABŞ yalnız Sinqapurdan geri qalaraq dünyanın ən rəqabətli iqtisadiyyatları arasında ikinci yerdə qərarlaşıb. 

10) ABŞ resurs çatışmazlığı və proteksionizm dövründə kritik rəqabət üstünlüyünə sahib olan enerji və kənd təsərrüfatına sahibdir. Enerji İnformasiya Administrasiyasının məlumatına görə, ABŞ dünyanın ən böyük xam neft istehsalçılarından biridir və hasilatı 2005 - ci ildə gündəlik 3,8 milyon barreldən 2020-ci ildə zirvəyə yüksələrək 13,1 milyon barrelə çatnışdır. Hazırda istehsal gücü təxminən gündəlik 12,1 barrel təşkil edir. ABŞ həm də təbii qazın aparıcı qlobal istehsalçısı və kənd təsərrüfatının güc mərkəzidir. Son məlumatlara görə, Amerika soya, buğda, qarğıdalı, yulaf, pambıq və bir çox digər əhəmiyyətli məhsulların aparıcı istehsalçısıdır. 

Nəticə: Amerikanın çoxsaylı güclü tərəflərini (mütləq və nisbi) birləşdirəndə uzun müddətdə ABŞ - ın aktivləri ilə bağlı konstruktiv olmamaq çətinləşir. Düzdür, ölkənin vəziyyəti mükəmməl deyil - heç vaxt da mükəmməl ola bilməz. Amma bununla belə, dünyada heç bir iqtisadiyyatın gələcək inkişaf imkanları ABŞ - dan daha üstün deyil. Qədəhin yarısının dolu olması fikrimizi dəstəkləmək üçün böyük alman strategisti Otto fon Bismarkın sözlərini xatırlayırıq: “Tanrının axmaqlar, sərxoşlar və Amerika üçün xüsusi ilahi ədaləti var”. 

Portfel yığmağa gəldikdə isə, ABŞ-da Long mövqe tutmaq uzun müddətli zaman periodunda daha düzgün strategiyadır. 


Sona Babayeva

Mənbə: Merrill - Capital Markets Outlook. 

 


USA   ABŞ   fond bazarları   yatırım   investisiya   səhmlər  

 

 

Üzvlük

İnvestisiya ideyalarımızdan xəbərdar olmaq üçün